Əliyev Abşeron qaz yatağı üzrə “TotalEnergies” və ADNOC ilə yenilənmiş sazişi təsdiqləyib

Xəzərdə qazma platforması. Foto: Peretz Partensky, CC BY-SA 2.0, Wikimedia Commons
27-11-2026 16:31

Prezident İlham Əliyev Xəzərin Azərbaycan sektorundakı Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin dəyişdirilmiş yeni redaksiyasını təsdiq edən qanunu imzalayıb.

Saziş Dövlət Neft Şirkəti (SOCAR) ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus “ADNOC International ProjectCo 1 RSC Limited” arasında sentyabrın 26-da Bakıda imzalanıb. İlkin saziş 2009-cu il fevralın 27-də bağlanmışdı.

Qanuna görə, saziş və onun 12 əlavəsi qüvvəyə mindikdən sonra qanun statusu alır və onlara zidd olan mövcud və gələcək qanunlardan, fərmanlardan və sərəncamlardan üstün tutulur. Podratçı şirkətlər kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq əldə edir, onların bu sazişdən gələn hüquqları razılıqları olmadan dəyişdirilə və ya azaldıla bilməz.

Hökumətin 2009-cu ildə ilkin saziş üzrə verdiyi təminat və öhdəliklər də qüvvədə qalır. Kontrakt sahəsinin istənilən hissəsi üzrə əvvəllər bağlanmış digər sazişlərdən irəli gələn hüquq və vəzifələr isə ləğv olunur.

Digər xəbərlər