Rəhbəri həbsdə olan tikinti şirkəti əsgər yataqxanasındakı qüsurlara görə Müdafiə Nazirliyinə 3,6 milyon manat ödəyəcək
Müdafiə Nazirliyi hərbi şəhərcikdə tikinti aparmış “Azərbaycan Bina Tikinti Kompaniyası” MMC ilə məhkəmə çəkişməsini qazanıb: şirkət əsgər yataqxanası və yeməkxana binalarındakı qüsurların aradan qaldırılması üçün nazirliyə 3 milyon 654 min manat ödəməlidir. Yekun qərarı noyabrın 23-də Ali Məhkəmə verib.
Azadlıq Radiosu iş üzrə məhkəmə materiallarına istinadən yazır ki, nazirlik bu şirkətlə hərbi şəhərcikdə binaların tikintisi, mebel və avadanlıqla təminatı, kommunikasiya xətlərinin çəkilişi və ərazinin abadlaşdırılması üçün dəyəri 190 milyon manatdan çox olan müqavilə bağlayıb.
Nazirliyin iddiasına görə, yataqxananın sanitar qovşaqlarında su və kanalizasiya xətləri texniki şərtlər pozularaq çəkildiyindən çirkab su alt mərtəbələrin tavanına sızıb, arakəsmə divarlarda çatlar yaranıb, zirzəmidə suvaq və boya vaxtından əvvəl dağılıb, bəzi otaqlarda istilik xətlərindən su axıb, havalandırma isə işləməyib. Bərpa işlərinin dəyərini Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Qiymətqoyma Mərkəzi” hesablayıb.
Şirkətin nümayəndəsi məhkəmədə iddiaya etiraz edib. O deyib ki, tikinti bir neçə il nazirliyin daimi nəzarəti altında aparılıb, çatışmazlıqlar barədə aktlar yazılıb, onlar düzəldildikdən sonra iş qəbul edilib. Onun sözlərinə görə, dəniz kənarındakı rütubətli ərazidə binalarda təbii aşınma da ola bilər.
İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu və Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi isə rəylərində tikinti işlərinin düzgün aparılmadığını bildirib. Bakı Kommersiya Məhkəməsi nazirliyin iddiasını təmin edib, apellyasiya və Ali Məhkəmə bu qərarı dəyişməyib.
Şirkətin rəhbəri Üzeyir Həsənov külli miqdarda mənimsəmə ittihamı ilə həbsdədir. O, 2024-cü ildə 11 il həbs cəzası alıb, Ali Məhkəmə sonradan cəzanı 8 ilə endirib. Həmin cinayət işində də Müdafiə Nazirliyinin sifarişi ilə rayonların birində aparılan tikintidə 7 milyon 353 min manatın mənimsənildiyi iddia olunur. Həsənov məhkəmədə niyə həbs edildiyini bilmədiyini, işi artıqlaması ilə gördüyünü demişdi.