Səfərbərlik Xidməti: hərbi xidmətdən möhlət almaq üçün xarici universitetlərin saxta arayışları təqdim olunur
İllüstrativ foto: Cpl Tatum Vayavananda, Public domain, Wikimedia CommonsSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Azər Məmmədov deyib ki, hərbi xidmətə çağırışdan möhlət almaq üçün xarici universitetlərdə təhsil barədə təqdim olunan sənədlər arasında saxta arayışlar aşkarlanır. O, bunu vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə bildirib.
Məmmədovun sözlərinə görə, sənədin üzərində möhür və apostil olması onun həqiqi olduğunu göstərmir. “Baxırsan ki, möhürü də var, apostil də olunub. Amma dərindən yoxlayanda universitetdən cavab gəlir ki, bizim belə şöbəmiz və ya tələbəmiz yoxdur”, - general-mayor deyib. O əlavə edib ki, Bakıda bu sahədə işləyən bir neçə şirkət var və onların fəaliyyəti “bəzən qeyri-qanunidir”. Doktorantura da daxil olmaqla, xaricdə təhsillə bağlı hər sənəd ayrıca yoxlanılır.
Xidmət bu sahədə qaydaların dəyişdirilməsini təklif edib. Məmmədov bildirib ki, artıq qanun layihəsi hazırlanıb, lakin onun nəyi dəyişəcəyini açıqlamayıb.
Rəis müavini hərbi vəzifələrinin icrasından yayınanlara qarşı sanksiyaların da sərtləşdirildiyini deyib. Onun sözlərinə görə, qanunvericiliyə və normativ aktlara dəyişikliklər edilib, hüquq-mühafizə orqanları ilə birlikdə belə şəxslərin yeri müəyyənləşdirilib çağırışa cəlb olunur, onların ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılır.
Məmmədov Xidmətin öz daxilindəki pozuntulardan da danışıb. Bu il qanunsuz hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə 136 əməkdaş barəsində xidməti tənbeh və təşkilati-ştat tədbirləri görülüb, onlardan 79-u rəhbər heyətdəndir. İki əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 107 fakt üzrə 162 nəfər barəsində toplanmış materiallar prokurorluğa göndərilib.
Noyabrın 2-də Hərbi Prokurorluq da hərbi xidmətdən boyun qaçırmanın 5 faktı üzrə cinayət işi açıldığını açıqlamışdı.

