Jurnalistləri Müdafiə Komitəsi: Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb
Arxiv foto: Elgiz Qəhrəman, “Amerikanın Səsi”, Public domain, Wikimedia Commons“Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) media azadlığı təşkilatı bildirir ki, “Meclis.info” işi üzrə çıxarılan hökmlərdən sonra Azərbaycanda həbsdə olan jurnalistlərin sayı azı 26-ya çatıb. Təşkilat noyabrın 13-də yaydığı bəyanatda hakimiyyəti xarici maliyyələşmə ilə bağlı ittihamlardan müstəqil medianı susdurmaq üçün istifadə etməkdə ittiham edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi parlament deputatlarının fəaliyyətini izləyən “Meclis.info” saytının rəhbəri İmran Əliyevə 10, ictimai fəal Elgiz Qəhrəmana 9 il həbs cəzası verib. Eyni işdə Tamella Musayeva 8 il şərti cəza alıb. Onlar qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması da daxil olmaqla bir neçə maddə ilə təqsirli bilinib. Hökmdən əvvəl son sözlərində hər ikisi ittihamların əsassız olduğunu deyib, bəraət istəyib.
“Hakimiyyət bir daha xarici maliyyələşmə haqqında qanunlardan müstəqil medianı məhv etmək üçün qəddarcasına sui-istifadə edir. Azərbaycan jurnalistləri sadəcə öz işlərini gördüklərinə görə ağır cinayətkarlar kimi rəftar görməməlidir. Beynəlxalq tərəfdaşlar Azərbaycan hökumətini məsuliyyətə cəlb etməlidirlər”, - CPJ-nin Avropa və Mərkəzi Asiya proqramının direktoru Fiona O’Brayen deyib.
Təşkilatın hesablamasına görə, “Meclis.info” xarici donorların vəsaitini qanunsuz əldə etmək ittihamı ilə hədəfə alınan dörd müstəqil media qurumundan biridir. CPJ xatırladır ki, bu ilin iyulunda “Toplum TV” ilə əlaqəli doqquz nəfər oxşar ittihamlarla həbs cəzası alıb, “Abzas Media”nın altı jurnalisti və işçisi 2025-ci ildə azadlıqdan məhrum edilib, “Meydan TV” ilə əlaqəli 12 nəfər isə istintaq təcridxanasında saxlanılır.
İmran Əliyev 2024-cü il aprelin 18-də Bakı hava limanında saxlanılıb. Ona əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittihamlar ağırlaşdırılıb. Elgiz Qəhrəman istintaq və məhkəmə dövründə azadlıqda olub, hökm oxunandan dərhal sonra zalda həbs edilib.


