Trampın yaratdığı Sülh Şurası BMT-ni Qəzzada atəşkəsin çökə biləcəyi barədə xəbərdar edib

Qəzzada Əs-Səvra küçəsində dağıdılmış bina. Foto: Hla.bashbash, CC BY 4.0, Wikimedia Commons
18-11-2026 05:07

Qəzzada atəşkəsə və yenidənqurmaya nəzarət üçün ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası noyabrın 17-də BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bir il əvvəl başlayan atəşkəsin çökə biləcəyini yazıb. Şuraya görə, razılaşdırılan addımlar dərhal atılmasa, İsraillə “Həmas” arasındakı atəşkəs dağıla bilər.

“Associated Press” agentliyinin əldə etdiyi hesabatda deyilir: “Razılaşdırılanla yerdə baş verənlər arasındakı məsafə prosesin əsas riski olaraq qalır”. Şura həmçinin yazıb: “Görünən heç bir nəticə verməyən atəşkəs sonsuzadək davam edə bilməz. Çökərsə, qayıdılacaq yol xəritəsi, yerləşdiriləcək idarəetmə və yenidənqurma üçün şərait qalmayacaq”.

Hesabatda İsrailin Qəzzaya yük və avadanlıq girişinə qoyduğu məhdudiyyətlərin maliyyə çatışmazlığı ilə birlikdə qışa hazırlığı əngəllədiyi yazılıb. Şuranın sözlərinə görə, geniş dağıntılar ucbatından fələstinlilər “daha bir qışı çadırlarda və dağıntılar arasında” keçirəcək. Şura İsrailin Qəzzanı müvəqqəti idarə etmək üçün yaradılan texnokrat mülki administrasiyanın işini də əngəllədiyini qeyd edib və İsrail hökumətini mülki polisin hazırlanması, yerləşdirilməsi və Qəzzaya qayıtması ilə bağlı qərarları gecikdirmədən verməyə çağırıb.

Şuranın qiymətləndirməsinə görə, həm İsrail, həm də “Həmas” atəşkəs üzrə öhdəliklərini yerinə yetirməkdən çox uzaqdır. Hesabatda Təhlükəsizlik Şurasından hər iki tərəfə təzyiq göstərməsi istənilir: “Heç bir tərəf digərinin gecikməsini öz hərəkətsizliyinə bəhanə edə bilməz. Bu öhdəliklər İsrail qoşunlarının çıxarılmasına və geniş miqyaslı yenidənqurmaya aparan yeganə yoldur”. Sənəddə prosesin sonunda fələstinlilərin dövlətçiliyə və öz müqəddəratını təyin etməyə etibarlı yolunun açılmalı olduğu da yazılıb.

Tramp Sülh Şurasını 2025-ci ilin sentyabrında 20 bəndlik Qəzza planının bir hissəsi kimi təklif etmişdi. Atəşkəs formal olaraq 2025-ci il oktyabrın 10-da qüvvəyə minsə də, İsrailin hava zərbələri son həftələrdə də davam edib. “Əl-Cəzirə” telekanalının yazdığına görə, 2023-cü ilin oktyabrından bəri Qəzzada 74 mindən çox fələstinli öldürülüb.

Digər xəbərlər