Azərbaycan XİN başçısı: Ermənistandan keçən TRİPP yolunun texniki parametrləri Bakı ilə razılaşdırılmalıdır
İllüstrativ foto: Sünik vilayətinin Mehri şəhəri, unbdaveable, CC BY 2.0, Wikimedia CommonsAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan ərazisindən keçəcək TRİPP marşrutunun texniki göstəriciləri Azərbaycanla uzlaşdırılmalıdır. Nazir bunu noyabrın 18-də Bakıda Almaniyanın xarici işlər naziri Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
TRİPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”, Azərbaycanın əsas hissəsini Ermənistanın cənubundakı Sünik vilayəti üzərindən Naxçıvanla birləşdirəcək nəqliyyat xəttidir. Bayramovun sözlərinə görə, son aylarda bu layihənin hazırlığı ABŞ ilə Ermənistan arasında müzakirə olunub, marşrutun 42 kilometrlik hissəsi Ermənistandan keçir.
“Bu dəmiryolunun giriş və çıxış nöqtəsi Ermənistan-Azərbaycan sərhədində qurulub. Bu layihənin icrası yaxınlaşdıqca, çox təbii şəkildə bir sual yarandı ki, Azərbaycan tərəfi ilə mütləq bunun texniki göstəriciləri uzlaşdırılmalı və razılaşdırılmalıdır”, - nazir deyib.
Bayramov bildirib ki, ABŞ-nin təşəbbüsü ilə birgə texniki işçi qrup yaradılıb və o, noyabrın 6-da işə başlayıb. Qrup avtomobil yolu, dəmir yolu və elektrik kabeli layihələrinin texniki parametrlərini və bağlantılarını uzlaşdıracaq.
Nazirin sözlərinə görə, Azərbaycan öz ərazisində avtomobil və dəmir yolu işlərini demək olar ki, tamamlayır, dəmir yolunun Ermənistan sərhədinə çatdırılması isə gələn ilin əvvəlində başa çatacaq.


