Xarici işlər naziri Əli Kərimlinin həbsi barədə: “Müxalifət nümayəndəsi olmaq hüquqi məsuliyyətdən azad etmir”

Arxiv foto: Ceyhun Bayramov, Voice of America, Public domain, Wikimedia Commons
18-11-2026 11:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi ilə bağlı suala cavab verib. Bayramov bildirib ki, “kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir”.

Sualı Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə keçirilən mətbuat konfransında Avropada siyasət xəbərləri yayan “Politico” nəşrinin jurnalisti Hans fon der Burxard verib.

“Siz sualınızda müəyyən mənada sualınızın cavabını da verirsiniz. Çünki siz deyirsiniz ki, hazırda onunla bağlı istintaq gedir, araşdırmalar aparılır və hər bir hüquqi dövlətdə olduğu kimi, hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir”, - nazir deyib. Onun sözlərinə görə, araşdırma Azərbaycan qanunvericiliyinə uyğun aparılır və “məhkəmənin yekun qərarı bütün suallara cavab verəcək”.

Kərimli və partiyanın sədr müavini Məmməd İbrahim 2025-ci ilin noyabrında həbs olunublar. Onlara Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə yekun ittiham verilib. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kərimlinin işi üzrə materialları Dövlət Təhlükəsizliyi Xidməti toplayıb, məhkəmə prosesi isə noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. AXCP-nin məlumatına görə, ilk iclas qapalı keçirilib, jurnalistlər və partiya üzvləri binaya buraxılmayıb.

Kərimli və İbrahim ittihamları rədd edir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Kərimli bu ay Maqnitski insan haqları mükafatına layiq görülən üçüncü azərbaycanlı olub.

Digər xəbərlər