Ramiz Mehdiyevin 14 il şərti cəza hökmündən apellyasiya şikayəti verdiyi bildirilir

Foto: Press Service of the President of the Republic of Azerbaijan, CC BY 4.0, Wikimedia Commons
18-11-2026 09:32

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ona 14 il şərti həbs cəzası verən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

“Qafqazinfo” saytı əldə etdiyi məlumata istinadən yazır ki, şikayətdə cinayət işinə yenidən baxılması və Mehdiyevin əməllərinə “müvafiq hüquqi qiymət” verilməklə daha yüngül qərar çıxarılması xahiş olunub. Saytın yazdığına görə, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq, prosesin tarixi hələlik bəlli deyil.

Hökm ötən ay çıxarılıb. Məhkəmə Mehdiyevi hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilib. Cəzanın şərti olması onun yaşı və səhhəti ilə əsaslandırılıb. Hökmlə Mehdiyevin həbs qoyulmuş əmlakının müsadirəsi və onun dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi də qərara alınıb.

Uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş Mehdiyevə qarşı iş ötən il açılıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) o zaman onun dövlət çevrilişinə cəhdlə bağlı olduğunu iddia etdiyi səs yazılarını yaymışdı.

İş müxalifət liderlərinə də toxunub. Milli Şuranın sədri Cəmil Həsənli 2025-ci il noyabrın 30-da bu iş üzrə şahid kimi dindirildiyini, həmin gün DTX-nin ona ölkədən çıxış qadağası qoyduğunu və qadağanın hələ də qüvvədə olduğunu deyir. Həsənli “nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və ya iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olmayıb” fikrindədir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və müavini Məmməd İbrahim də ötən ilin noyabrında həbs edilib, sonradan onların işi Mehdiyevin işindən ayrılıb. Hər ikisi hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur, ittihamı qəbul etmir. Noyabrın 14-də isə Mehdiyevin qızının vəkili Raman Abışov barəsində 4 aylıq həbs qərarı seçilib.

Digər xəbərlər