Bəhreyn gecə İranın hava hücumlarını dəf etdiyini bildirir, Küveyt də dron hücumu barədə həyəcan elan edib

Küveyt qüllələri. Foto: Gladiator2030, CC BY-SA 4.0, Wikimedia Commons
18-11-2026 04:08

Bəhreyn və Küveyt noyabrın 18-nə keçən gecə əhaliyə sığınacaqlara keçməyi tövsiyə edib. Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı hava hücumundan müdafiə sistemlərinin İranın bir neçə hava hücumunu hədəfə çatmamış vurduğunu bildirib. Rəsmi bəyanatda hücumlar “xain” adlandırılıb. Bir müddət sonra təhlükə sovuşduğu elan olunub.

Küveyt ordusunun Baş Qərargahı da “düşmən dron hücumlarına” qarşı müdafiə apardığını “X”də yazıb. Qərargahın sözlərinə görə, eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hədəfləri vurması nəticəsində yaranıb. Küveyt ordusu hücumların haradan edildiyini göstərməyib.

Bir gün əvvəl, noyabrın 17-də İranın İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki Şeyx İsa hava bazasında ABŞ qüvvələrinin istifadə etdiyi radar sistemini döyüş dronları ilə vurduğunu açıqlamışdı. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi “AFP” agentliyinə deyib ki, ABŞ qırıcıları buna cavab olaraq Hörmüz boğazındakı Qeşm adasında Keşikçilər Korpusunun raket buraxılış məntəqəsinə zərbə endirib. ABŞ rəsmilərinin sözlərinə görə, İranın son hücumlarında itki və dağıntı olmayıb.

Fevralın sonunda ABŞ və İsrailin İrana hava zərbələri ilə başlayan müharibədə geniş miqyaslı hücumlar əsasən dayansa da, tərəflər arasında hələ sülh sazişi yoxdur. ABŞ İran limanlarını blokadada saxlayır, İran neft məhsullarını ixrac edə bilmir, Hörmüz boğazından keçid isə təhlükəli olaraq qalır.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, noyabrın 17-də İran nümayəndələri ilə görüşdə məqsəd tərəflərin təkliflərini bir-birinə yaxınlaşdırmaq olub. İranın xarici işlər naziri Abbas Əraqçi isə Omana gedib. Oman Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşlərdə gəmi yollarının təhlükəsizliyi və dünya ticarətinin fasiləsiz davamı müzakirə olunub.

Bu arada ABŞ dövlət katibi Marko Rubio CNN telekanalının İranın Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silahla hücum planlaşdırdığı barədə xəbərini şərh edərkən ölkəyə “yaxın təhlükə görmədiyini” deyib. Rubio xəbərdəki kəşfiyyat məlumatını nə təsdiqləyib, nə də təkzib edib. Tehran isə bu iddiaları dezinformasiya adlandırıb.

Digər xəbərlər