Ukrayna araşdırması Rusiya ordusunun cəbhədə qadağan olunmuş gözyaşardıcı qazdan istifadə etdiyini iddia edir

İllüstrativ foto: Sherif9282, CC BY-SA 3.0, Wikimedia Commons
17-11-2026 23:34

Ukrayna Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) dəstəyi ilə apardığı araşdırmada Rusiya ordusunun ukraynalı hərbçilərə qarşı CS gözyaşardıcı qazından istifadə etdiyi qənaətinə gəlib. Bu barədə “Associated Press” agentliyi xəbər verir.

AP yazır ki, KSQT Ukraynada CS qazının işlədildiyini hələ 2024-cü ildə təsdiqləmişdi, amma yeni araşdırma bu maddənin istifadəsini ilk dəfə birbaşa Rusiya ordusu ilə əlaqələndirir. Araşdırma 2024-cü ilin sentyabrında baş vermiş bir epizoda əsaslanır: müstəntiqlər Rusiyayönlü “Telegram” kanalında gözyaşardıcı qaz qumbarasının ukraynalı hərbçilərin üzərinə atıldığı videonu tapıblar.

Ukraynanın məlumatına görə, təxminən beş il davam edən müharibədə belə 14 min hadisə qeydə alınıb, onlardan 3 minində hərbçilər tibbi yardıma ehtiyac duyub. Kiyev araşdırmanın hesabatını KSQT-yə üzv 193 ölkəyə göndərib.

Rusiya Kimyəvi Silahların Qadağan Edilməsi haqqında Konvensiyanın iştirakçısıdır. Konvensiya gözyaşardıcı qazın polis işində işlədilməsinə icazə versə də, döyüş vasitəsi kimi istifadəsini qadağan edir.

2024-cü ildə ABŞ Dövlət Departamenti də Rusiyanı ukraynalı hərbçilərə qarşı Birinci Dünya müharibəsində işlədilmiş xlorpikrin qazından istifadə etməkdə ittiham etmişdi. Kreml o vaxt ittihamları əsassız adlandırıb rədd etmişdi. Yeni araşdırmaya Moskva hələlik cavab verməyib.

Digər xəbərlər