Azərbaycanda çips və şirin qazlı içkilərə aksiz vergisi tətbiq olunur, kuryerlər ayda 15 manat vergi ödəyəcək

İllüstrativ foto: Phoebe, CC BY-SA 4.0, Wikimedia Commons
18-11-2026 11:43

Azərbaycanda yerli istehsal olunan çipsin hər kiloqramına 1 manat, şirinləşdirilmiş mineral və qazlı içkilərin hər litrinə isə 10 qəpik aksiz vergisi tətbiq edilməsi təklif olunur. Bu dəyişikliklər Vergi Məcəlləsinə edilən dəyişikliklər paketindədir. Milli Məclis layihəni birinci oxunuşda qəbul edib.

Layihəyə görə, çips və şirin içkilər aksizli mallar siyahısına daxil ediləcək, şirin içkilər həm də aksiz markası ilə markalanmalı olacaq.

Paketdə özünə işləyən kuryerlər üçün ayrıca qayda da var. Muzdlu işçi götürmədən avtomobil, motosiklet, velosiped və ya skuterlə sifariş çatdıranlar ayda 15 manat sabit sadələşdirilmiş vergi ödəyəcəklər. Layihənin əsaslandırmasında deyilir ki, kuryerlərin hesabat vermək və gəlir-xərc uçotu aparmaq vərdişi demək olar ki, yoxdur, mövcud inzibati yük isə onları qeyri-rəsmi işə itələyir.

Taksi sifarişi platformaları vasitəsilə sərnişin daşıyan sürücülərin operatorlardan aldıqları gəlirdən 1 faiz sadələşdirilmiş vergi tutulması təklif edilir. Gözəllik xidməti göstərənlər isə 5 il müddətinə sadələşdirilmiş vergi ödəyə biləcəklər: nağd dövriyyədən 8, nağdsız dövriyyədən 6 faiz. ƏDV ödəyicisi olan salonların POS-terminal ilə aldıqları ödənişlərin yarısı ƏDV tutulan dövriyyədən çıxılacaq.

Eyni paketdə 2027-ci il yanvarın 1-dən aylıq gəliri 2 500 manata qədər olan şəxslərin gəlir vergisinin 3 faizdən 5 faizə qaldırılması da nəzərdə tutulub. Dəyişikliklərin qüvvəyə minməsi üçün layihə daha iki oxunuşdan keçməli və prezident tərəfindən imzalanmalıdır.

Digər xəbərlər