Polşa Rusiya kəşfiyyatının ukraynalı reperi iki dəfə öldürməyə cəhd etdiyini deyir

Polşa XİN-in binası. Foto: Adrian Grycuk, CC BY-SA 3.0 pl, Wikimedia Commons
23-11-2026 05:53

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maciej Wewiór noyabrın 22-də AP agentliyinə təsdiqləyib ki, Rusiya xüsusi xidmətləri avqustda Polşaya gələn ukraynalı-amerikalı reper Albert Vasilyevi öldürməyə cəhd edib. Vasilyev Kyivstoner ləqəbi ilə çıxış edir, Ukrayna və ABŞ vətəndaşıdır.

Polşa XİN cümə günü yazmışdı ki, bu, eyni şəxsə qarşı ikinci sui-qəsd cəhdidir və birincisinin qarşısı avqustda Polşa ərazisində alınıb. Polşa hakimiyyəti Moskva tərəfindən işə götürüldüyü iddia edilən şübhəlini avqustun 7-də saxlayıb. Baş nazir Donald Tusk avqustun 13-də Varşavada bir ukraynalı-amerikalıya qarşı sui-qəsdin qarşısının alındığını açıqlasa da, onun adını çəkməmiş, yalnız hədəfin Putin hökuməti üçün “narahatedici” olduğunu demişdi.

Danimarka isə cümə günü Rusiya kəşfiyyatını sentyabrda Kopenhagen ətrafındakı konsert zamanı Vasilyevə sui-qəsd planlaşdırmaqda ittiham edərək Rusiya diplomatını ölkədən çıxarıb. Danimarka Təhlükəsizlik və Kəşfiyyat Xidməti (PET) Rusiyanın bu planı qadağan olunmuş bir Danimarka dəstəsinin köməyi ilə hazırladığından şübhələndiyini bildirib. İki Danimarka vətəndaşı xarici kəşfiyyat xidmətinə kömək və qətlə cəhd ittihamı ilə məhkəməyə çıxarılıb.

Rusiyanın Kopenhagendəki səfirliyi ittihamları əsassız adlandırıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) isə Vasilyevi Moskva vilayətindəki müdafiə müəssisəsinə Ukrayna hücumu üçün dron təchizatında iştirakda ittiham edir. Danimarka yayımçısı DR-in yazdığına görə, Vasilyev bu ittihamı rədd edib.

Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ölkəsinin ruslara Şengen vizalarının verilməsini dayandırmağı da müzakirə etdiyini deyib. Polşa XİN bildirib ki, Rusiya vətəndaşlarının Aİ ərazisində hərəkət azadlığını məhdudlaşdırmaq üçün Danimarkanın təklif etdiyi tədbirləri dəstəkləyir.

Digər xəbərlər