Liviya sahilində bir gündə ikinci gəmiyə hücum edilib, hədəfin Rusiya yük gəmisi olduğu deyilir

İllüstrativ foto: Zeynel Cebeci, CC BY-SA 4.0, Wikimedia Commons
23-11-2026 03:18

Noyabrın 22-də, Bengazi limanında Rusiya Hərbi Dəniz Donanmasının “Merkuri” korvetində partlayış baş verəndən bir neçə saat sonra Liviya sahilində daha bir gəmiyə hücum edilib.

AFP agentliyi yazır ki, yerli rəsmilər ticarət gəmisinin dəniz dronları ilə vurulduğunu deyiblər, lakin gəminin Rusiyaya məxsus olub-olmadığını dəqiqləşdirməyiblər. Reuters agentliyi Liviya hərbi dairələrindəki mənbələrə istinadən hədəfin Malta bayrağı altında üzən ticarət gəmisi olduğunu yazır.

Ukraynanın “Exilenova+” monitorinq kanalı isə vurulan gəminin Rusiyanın “ASCALON” ro-ro yük gəmisi olduğunu iddia edir. Kanalın yazdığına görə, ABŞ sanksiyaları altında olan bu gəmini Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi hərbi yük daşıyıcıları sırasına salıb; gəmi əvvəllər Çinə raket daşımaq üçün istifadə olunub, oktyabrın ortasında isə Kalininqrad vilayətinin Baltiysk limanında hərbi texnika yükləyərkən görülüb.

Yerli hakimiyyətə görə, “Merkuri” korveti batıb. AP agentliyi yazır ki, ən azı dörd dəniz dronu tutularaq məhv edilib, ikisi isə hərbi gəmini vurub. Reuters Liviya hərbçilərinə istinadən gün ərzində Bengazi yaxınlığında 20-dən çox pilotsuz qayığın tutulduğunu xəbər verir.

Bir gün əvvəl, noyabrın 21-də, Rusiyanın Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko Kalininqrada gedən “Sparta II” yük gəmisinə Finlandiya körfəzinin neytral sularında iki dronun hücum etdiyini bildirmişdi. Finlandiya hakimiyyətinin məlumatına görə, gəmi noyabrın 22-də Rusiyanın ərazi sularına yedəklənib. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna hadisəni “Rusiyanın təcavüzkar müharibəsinin və Ukraynanın özünümüdafiəsinin növbəti yan təsiri” adlandırıb.

Digər xəbərlər