Trampın elçisi: Rusiyanın Ukraynaya təhlükəsizlik zəmanətlərini müzakirəyə hazır olması “böyük addımdır”
ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiyanın Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini müzakirə etməyə hazır olmasını “böyük irəliləyiş” və Moskvanın sülhə ciddi yanaşdığının mümkün əlaməti adlandırıb. O, bu fikirləri bazar günü “X” sosial şəbəkəsində bir neçə paylaşımda yazıb.
Kuşnerin sözlərinə görə, Donald Tramp ümumilikdə Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə, yəni kollektiv müdafiə prinsipinə bənzər zəmanətlər verilməsini nəzərdən keçirməyə hazırdır. Lakin prezident buna yalnız iki şərtlə razılaşacaq: bu addım ABŞ-nin milli maraqlarına cavab verməli və daha geniş zəmanətlər onların işə düşəcəyi vəziyyətin, yəni yeni müharibənin ehtimalını minimuma endirməlidir.
Elçi bu cür zəmanətin ABŞ üçün çox ciddi öhdəlik olduğunu və “diqqətlə öyrənilməli” olduğunu da yazıb. Onun sözlərinə görə, belə qərar təkcə Trampın deyil, ABŞ Konqresinin də razılığını tələb edəcək və Konstitusiyaya uyğunluq baxımından yoxlanılmalıdır.
Başqa bir paylaşımda Kuşner danışıqların məqsədini belə izah edib: “Elə bir gələcəyə can atırıq ki, Rusiya NATO-nun qarşıdurma istəmədiyinə, NATO və tərəfdaşları isə Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət edəcəyinə əmin olsun”. Onun fikrincə, bunun üçün tərəflər niyyətlərini aydın bəyan etməli, “real və yoxlanıla bilən öhdəliklər” götürməli, istənilən razılaşma bütün iştirakçı ölkələrin suverenliyini və müstəqil qərar vermək hüququnu təmin etməlidir.
Kuşner noyabrın 19-da Berlində Ukraynaya veriləcək təminatın NATO-nun 5-ci maddəsinə əsaslanacağını demiş, Rusiyada bu konsepsiyaya şübhə ilə yanaşıldığını bildirmişdi. Bu gün isə “The Washington Post” qəzeti Vladimir Putinin Ukraynada NATO qoşunlarının olmaması şərti ilə Kiyevə təhlükəsizlik zəmanəti verilməsinə razılaşdığını yazmışdı. Kreml bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
