Amerikalı riyaziyyatçı 167 illik Riman fərziyyəsini süni intellektin köməyi ilə sübut etdiyini deyir, iki təşkilat sübutu təsdiqləyib
Foto: Marlene Ruf, CC BY-SA 2.0 de, Wikimedia Commons“Anthropic” şirkətinin əməkdaşı, türk əsilli amerikalı riyaziyyatçı Levent Alpöge riyaziyyatın ən məşhur həll olunmamış məsələlərindən biri olan Riman fərziyyəsini şirkətin “Claude” çat-botunun ictimaiyyətə açıq olmayan versiyasının köməyi ilə sübut etdiyini bildirib. Fərziyyəni alman riyaziyyatçısı Bernhard Riman 1859-cu ildə irəli sürüb.
Alpöge sübutu riyazi sübutların kompüterdə yoxlanılması üçün istifadə olunan “Lean” proqramlaşdırma dilində yazıb; onun həcmi 250 min səhifədən çoxdur. Şənbə günü bu dili təbliğ edən “Lean Focused Research Organization” və onu riyaziyyatda tətbiq edən “Mathlib Initiative” qrupu sübutu bir-birindən asılı olmayaraq yoxladıqlarını açıqlayıblar: “Alpögenin təqdim etdiyi Riman fərziyyəsi sübutunun doğruluğuna tam əminik”.
Massaçusets Texnologiya İnstitutunun riyaziyyatçısı Endryu Sazerlend də daxil olmaqla, bir neçə müstəqil tədqiqatçı sübutu öz kompüterlərində problemsiz işlədiklərini deyib. Sazerlend “Scientific American” jurnalına deyib ki, burada nəyinsə səhv olması ehtimalı “sıfıra yaxındır”. London İmperial Kollecindən riyaziyyatçı Kevin Bazzard isə öz bloqunda ilk növbədə kodda yazılan teoremin həqiqətən Riman fərziyyəsinin özü olub-olmadığının yoxlanılmalı olduğunu qeyd edib.
Riman fərziyyəsi sadə ədədlərin, yəni yalnız özünə və 1-ə bölünən ədədlərin ədəd oxunda necə paylandığı ilə bağlıdır. Klay Riyaziyyat İnstitutu 2000-ci ildə onu “Minilliyin yeddi məsələsi” siyahısına salıb və hər birinin həlli üçün 1 milyon dollar mükafat vəd edib.
“The New York Times” qəzetinin yazdığına görə, cümə günü italiyalı müstəqil riyaziyyatçı Alessandro Masullo da 12 ilə yaxın üzərində çalışdığı natamam sübutu dərc edib; o, sistemə tam etibar etmədiyi üçün süni intellektdən istifadə etmədiyini deyib.