İran Keşikçilər Korpusu Hörmüzdə iki neft tankerinin minaya düşüb partladığını deyir
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri iki neft tankerinin Qənəm adasının şimalında və Hörmüz boğazının şərqində dəniz minalarına çırpılaraq partladığını açıqlayıb.
SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək boğazdan icazəsiz keçməyə cəhd edib; korpus onları “qanun pozuntusu edən” gəmilər adlandırıb. Bəyanatda tankerlərdən birinin 2 milyon bareldən çox xam neft daşıyan supertanker olduğu və partlayışdan sonra batdığı deyilir.
Tankerlərin adları, hansı ölkənin bayrağı altında üzdükləri və ekipaj üzvlərinin vəziyyəti barədə məlumat verilməyib. İddia müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Hörmüz boğazında gəmiçilik İranın ticarət gəmilərinə yenidən başladığı hücumlar fonunda azalır. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, noyabrın 18-dək olan həftədə boğazdan 37 neft tankeri keçib, bir həftə əvvəl bu rəqəm 52 idi. ABŞ və İsrailin fevralın sonunda İrana zərbələrindən əvvəl boğazdan dünyada neft və qaz tədarükünün təxminən beşdə biri keçirdi.
Hörmüzdəki gərginlik dünya neft qiymətlərinə birbaşa təsir edir; büdcəsi əsasən neft gəlirlərindən asılı olan Azərbaycan üçün bu, qiymətlərin istiqaməti baxımından önəmlidir.