Polşa prokurorluğu ölkəyə düşən hər üç obyektin bu il Rusiyada istehsal olunmuş X-101 raketləri olduğunu deyir
Arxiv foto: Командування Повітряних Сил ЗСУ / Air Force Command of Ukrainian Armed Forces (license), CC BY 4.0, Wikimedia CommonsPolşanın Lüblin Dairə Prokurorluğu noyabrın 22-də açıqlayıb ki, noyabrın 20-si səhər ölkənin cənub-şərqinə düşən üç obyektin hamısı Rusiyanın X-101 qanadlı raketləridir. Bundan əvvəl Polşa ərazisinə iki raket və bir pilotsuz uçuş aparatı düşdüyü güman edilirdi.
Prokurorluğun məlumatına görə, qəlpələrin analizi hər üç raketin bu ilin dördüncü rübündə Moskva vilayətinin Dubna şəhərindəki hərbi zavodda istehsal olunduğunu göstərib. Ukrayna sərhədindən təxminən 60 kilometr aralıdakı Nowy Lipowiec və 92 kilometr aralıdakı Rudnik nad Sanem məntəqələrində istintaq hərəkətləri başa çatıb, üçüncü düşmə yeri olan Mołodyczda isə araşdırma davam edir.
Polşanın Baş naziri Donald Tusk hələ noyabrın 20-də obyektlərin Rusiya mənşəli olduğuna şübhə etmədiyini demiş və hadisəni “qəsdən edilmiş təxribata” bənzətmişdi. Tusk həmçinin bu pozuntuların Polşanın Ukraynada sülh danışıqlarında iştirak etməli olduğunu açıq göstərdiyini bildirmişdi.
NATO-nun 32 üzv ölkəsinin nümayəndələri noyabrın 23-də Brüsseldə Polşa hava məkanının son pozuntularını müzakirə edəcək. Müzakirə xüsusi iclas çağırılmadan, müntəzəm məsləhətləşmələr çərçivəsində keçiriləcək.