Antalyadakı BMT iqlim sammiti 2009-cu ildən bəri ilk dəfə razılaşma olmadan başa çatıb

Foto: Xuthoria, CC BY-SA 4.0, Wikimedia Commons
22-11-2026 20:33

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransı noyabrın 22-də yekun razılaşma qəbul edilmədən başa çatıb. Türkiyə və Avstraliyanın birgə sədrliyi ilə hazırlanan son layihə bir çox ölkə və danışıq qrupu tərəfindən qlobal istiləşmə ilə mübarizə üçün çox zəif sayılıb. İllik iqlim danışıqları sonuncu dəfə 2009-cu ildə Kopenhagendə razılaşmasız bitmişdi.

Danışıqlar əsas neft və qaz hasilatçısı olan ölkələrin yekun mətndə “qalıq yanacaq” ifadəsinə etiraz etməsi səbəbindən uzadılmışdı. Yenilənmiş layihədən yoxsul ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması üçün nəzərdə tutulan 120 milyard dollarlıq maliyyə hədəfi də çıxarılmışdı. Mətn qəbul edilsəydi, qlobal istiləşmənin 2015-ci il Paris sazişində qorunması nəzərdə tutulan 1,5 dərəcə həddini aşmağa doğru getdiyi ilk dəfə rəsmən etiraf olunacaqdı.

BMT-nin baş katibi Antonio Quterreş konfransın ümumi nəticə üzrə konsensus olmadan bitməsindən “dərin məyus” olduğunu bildirib. O, güclü qalıq yanacaq maraqlarını elmi faktları təhrif etməkdə, siyasəti ləngitməkdə və mənfəəti üstün tutmaqda ittiham edib.

Avropa İttifaqı qalıq yanacağın adını belə çəkməyən sazişi dəstəkləməyəcəyini, “qalıq yanacağı yaşıl göstərən COP”u qəbul etməyəcəyini açıqlayıb. İqlim dəyişikliyinə ən həssas 44 ölkəni birləşdirən Ən Az İnkişaf Etmiş Ölkələr qrupu geriyə addımı qəbul edə bilməyəcəklərini, Marşall adaları isə “bütün tərəflərdən aldadıldıqlarını” deyib.

Əks mövqedə olan ölkələr isə qalıq yanacaq barədə öhdəliyə qarşı çıxıb. Rusiya nümayəndəsi Sergey Kononuçenko neft və qaz tədarükünün azalmasının “daha çirkli yanacaq növlərinə keçidə və enerji yoxsulluğuna” səbəb olacağını iddia edərək bu mövzuda heç bir ifadəyə razılaşmayacaqlarını bildirib. Səudiyyə Ərəbistanı nümayəndə heyəti isə iqlim dəyişikliyi ilə mübarizədə “bütün həllərin masada qalmalı” olduğunu deyib. Türkiyənin ətraf mühit naziri Murat Kurum əllərindən gələni etdiklərini söyləyib.

Neft və qaz gəlirlərindən asılı olan Azərbaycan 2024-cü ildə Bakıda COP29 konfransına ev sahibliyi etmişdi.

Digər xəbərlər