Tramp razılaşma olmasa Yeni ildən sonra İrana zərbələri bərpa etməyə meylli olduğunu deyib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılaşma əldə olunmasa, Yeni ildən sonra İrana hərbi zərbələri bərpa etməyə meylli olduğunu deyib.
“Fox News” telekanalının müxbiri Trey Yinqst prezidentlə müsahibədən sonra “X” sosial şəbəkəsində yazıb ki, Tramp bu fikri İranın ABŞ-nin dəniz blokadasını sınamağa hazırlaşdığı barədə xəbərlərə münasibət bildirərkən səsləndirib. Müxbirin paylaşdığı görüntüdə Tramp deyir: “Ümid edirəm ki, edəcəklər. Onların hamısı donanmanın qalanı kimi dənizin dibində olacaq”.
Yinqstin sözlərinə görə, Tramp tərəflər arasında danışıqların dolayı yolla davam etdiyini də bildirib. Vasitəçi rolunu Qətər oynayır: “Onlar Vaşinqtonla İran arasında mesajları ötürürlər ki, danışıqlar yolu ilə həllin mümkün olub-olmadığını anlasınlar”. Tramp iranlı tərəfi nəzərdə tutaraq “Onlar indi seçkilərdən əvvəlkindən daha aqressivdirlər. Hər zaman danışırlar, etdikləri tək şey danışmaqdır”, - deyib.
Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ ilə ekspertlər səviyyəsində danışıqlara hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, danışıqlar yalnız ABŞ prosesə “səmimi bağlılıq” göstərsə və İranın konkret tələbləri yerinə yetirilsə mümkündür. Əraqçi Trampın tez-tez mövqe dəyişdiyini də vurğulayaraq, Vaşinqtondan “aydınlıq” tələb edib.
Tramp ötən gün “Fox News”a başqa bir müsahibəsində İranla müvəqqəti deyil, müddətsiz razılaşma istədiyini demişdi. Hörmüz boğazındakı gərginlik səbəbindən oradan keçən tankerlərin sayı son həftədə kəskin azalıb; bu, Azərbaycanın büdcəsinin əsas gəlir mənbəyi olan neftin qiymətinə də təsir edir.
