Son dəqiqə:

Hərbi hissəni özbaşına tərk edən zabitlər 500 manatadək cərimə oluna bilər, layihə birinci oxunuşda qəbul edilib

İllüstrativ foto: Azərbaycan hərbçisi təlimdə. U.S. Army JMRC, Sgt. Jonathan Pietrantoni, Public domain, Wikimedia Commons
03-11-2026 13:12

Milli Məclis noyabrın 3-də İnzibati Xətalar Məcəlləsində dəyişikliyi birinci oxunuşda qəbul edib. Layihə zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir.

Yeni qaydaya görə, hərbi hissədən və ya xidmət yerindən özbaşına getmək, üzrlü səbəb olmadan vaxtında qayıtmamaq 1 gündən 10 günədək davam edərsə, 200-300 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunacaq. Bir il ərzində təkrarlanarsa, cərimə 300-500 manat, inzibati həbs isə 10 gündən 1 ayadək olacaq.

İndiki qanunvericilikdə bu xəta 3 gündən artıq, 10 gündən çox olmadıqda 20 günədək inzibati həbs, təkrar olunduqda isə 15 gündən 1 ayadək inzibati həbs nəzərdə tutur. Yəni layihə ilk pozuntuda həbsin yuxarı həddini 20 gündən 15 günə endirir, amma məsuliyyəti daha qısa müddətli yoxluğa da şamil edir.

Layihənin qanuna çevrilməsi üçün parlamentdə daha iki oxunuşdan keçməsi gözlənilir.

Digər xəbərlər