Gələn ilin büdcəsində beynəlxalq tədbirlərə 224 milyon manat ayrılır, Milli Onkologiya Mərkəzinə isə 64,3 milyon
2027-ci il büdcə layihəsinə görə, Azərbaycan gələn il beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə 224 milyon manat xərcləyəcək. Xarici əlaqələr üzrə ümumi xərc 569,5 milyon manat proqnozlaşdırılır, bu, bu ilkindən 20 milyon manat və ya 3,6 faiz çoxdur.
Bu məbləğin 230 milyon manatı diplomatik nümayəndəlik və konsulluqlara, 42,5 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqlarına, 25 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqlarına, 41 milyon manatı xarici yardımlara və xaricdəki ticarət nümayəndələrinə, 7 milyon manatı isə digər beynəlxalq fəaliyyətə gedəcək.
Eyni layihədə onkoloji xəstələrin müalicəsi, reabilitasiyası və dərman təminatı üçün Milli Onkologiya Mərkəzinə 64,3 milyon, Tibb Universitetinin Onkoloji Klinikasına 1,6 milyon manat yazılıb. Bu iki qurumun cəmi 65,9 milyon manatı beynəlxalq tədbirlər xəttindən 3,4 dəfə azdır.
Səhiyyəyə büdcədən ümumilikdə 2 milyard 84 milyon manat ayrılır, bu, büdcə xərclərinin 4,9 faizidir. Bunun 1 milyard 100 milyon manatı icbari tibbi sığortaya gedir, Səhiyyə Nazirliyinə isə 293,7 milyon manat nəzərdə tutulub.
Layihə hələ Milli Məclisdə müzakirə olunur.
