Banklar Assosiasiyasının prezidenti kart limitləri barədə: "Bank sektoru qanunsuz əməliyyatların meydançası deyil"
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev noyabrın 4-də bank kartlarına tətbiq olunan limitlərdən danışıb. Onun sözlərinə görə, banklar kart əməliyyatlarına ümumi məhdudlaşdırıcı limit qoymayıb, mövcud limitlər isə bütün banklar üçün eyni minimum tələblərin və əməliyyat təhlükəsizliyinin qorunmasına xidmət edir.
Nuriyev limitlərdən narazı olanlara da müraciət edib. "Kimlərsə qeyri-leqal yolla, qanunsuz kart əməliyyatları həyata keçirirdilərsə, təbii ki, onlar artıq bu limitlərə qane olmurlar", - o deyib. Assosiasiyanın prezidenti əlavə edib ki, məqsəd müştərilərin normal əməliyyatlarına mane olmaq deyil.
Sentyabrın sonunda banklar və "Azərpoçt" üzrə dövriyyədə 23 milyon 388 min ödəniş kartı olub. Bu, bir ayda 414 min, bir ildə isə 9,5 faiz çoxdur. Debet kartlarının sayı 11 faiz artıb, kredit kartlarının sayı isə 3,9 faiz azalıb.