Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği sentyabrda 754 milyon manata çatıb, bir ildə artım 42,8 faizdir
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği sentyabrda 32,5 milyon manat və ya 4,5 faiz artaraq 754,3 milyon manat olub. Bu, Mərkəzi Bankın oktyabrın 27-də açıqladığı statistikada göstərilir. Ayın əvvəlində məbləğ 721,8 milyon manat idi.
Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 29-da mətbuat konfransında istehlak kreditlərində gecikmələrin artmasının sistemli risk yaratmadığını deyib. Onun sözlərinə görə, bankların ehtiyatları kredit risklərini yüksək səviyyədə qarşılayır, problemli kreditlərin bəzi dövrlərdə artması isə normaldır.
İqtisadçı Natiq Cəfərli isə mətbuata fərqli qiymət verib. O deyir ki, əhalinin gəlirləri bahalaşmaya uyğun artmır, insanlar daha çox borc götürür və sonra onu qaytara bilmir. "Hər ay, demək olar ki, problemli kreditlərin həcmi artır", - iqtisadçı bildirib.
Cəfərli hesab edir ki, problemli kreditlərin yaranma səbəbləri araşdırılmalı, imkan daxilində kredit faizləri də aşağı salınmalıdır.