Deputat xaricdən qayıdan diplomatlar üçün rüsumsuz avtomobil limitinin 35 min dollardan artırılmasını istəyir
Arxiv foto: Государственная Дума Российской Федерации, CC BY 4.0, Wikimedia CommonsMilli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev noyabrın 4-də büdcə müzakirəsində xarici xidmətini bitirib ölkəyə qayıdan diplomatların güzəştinə baxılmasını təklif edib. Hazırda onlar dəyəri 35 min dollaradək olan avtomobili vergisiz gətirə bilir.
Həsənquliyev bu məbləği az sayır. Onun təklifinə görə, limit diplomatın xaricdə işlədiyi müddətdə aldığı maaşın 50 faizi həcmində olmalıdır. Deputat başqa ölkələrdə də diplomatlar üçün belə güzəştlərin olduğunu, söhbətin böyük vəsaitdən getmədiyini deyib və hökuməti məsələyə baxmağa çağırıb.
Eyni müzakirədə siyasi partiyalara büdcədən ayrılan vəsaitin artırılması da təklif olunub. Maliyyə naziri Sahil Babayev bu vəsaitin bir neçə ildir dəyişmədiyini deyib. "Uyğun təkliflər formalaşarsa, bunu müzakirə edə bilərik", - nazir bildirib.
