"Azərsu"nun keçmiş rəhbər işçisi 4 milyon manat mənimsəmədə ittiham olunur, özü isə böhtana məruz qaldığını deyir
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Su Ehtiyatları Agentliyinin keçmiş şöbə rəisi, əvvəllər "Azərsu" ASC-də yüksək vəzifələr tutmuş Sədai Əliyevin işi üzrə hazırlıq iclası keçirilib. İttihama görə, o, 4 milyon manatı mənimsəyib.
"Haqqın" saytı məhkəmədən xəbər verir ki, prokuror Eldar Həmzə polis nəzarətinə verilmiş təqsirləndirilən şəxsin şahidlərə təsir edə biləcəyini deyərək onun həbsini istəyib. Hakim Səbuhi Hüseynov vəsatəti təmin etməyib.
Sədai Əliyev məhkəmədə ittihamları böhtan adlandırıb. Onun sözlərinə görə, 2021-ci ildə rəhbərlik dəyişdikdən sonra işdən çıxarılıb, məhkəmə onu işə bərpa edib, sonra isə qurum yenidən təşkil olunub və 16 aydır ki, məhkəmə qərarı icra edilmir. O, əmək hüquqlarını müdafiə etdiyi üçün antikorrupsiya orqanlarına verilməklə hədələndiyini, ötən ilin iyulunda isə barəsində cinayət işi açıldığını deyib.
Vəkil Anar Məmişov da işdə prosessual pozuntular olduğunu bildirib. İşi Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə baş idarəsi araşdırıb, zərərçəkən tərəf "Böyük Şəhərlərin Su Təchizatı" QSC-dir. İttiham Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə irəli sürülüb, məhkəmə hələ hökm çıxarmayıb.

