Rusiyanın Adıgey Respublikasında "Ozon" şirkətinin logistika mərkəzi Ukrayna dronlarının hücumundan sonra yanıb
İllüstrativ foto, Adıgeysk ətrafı: Psequps, CC BY-SA 4.0, Wikimedia CommonsRusiyanın ən böyük onlayn satış platformalarından olan "Ozon" noyabrın 4-nə keçən gecə Adıgeysk şəhərindəki logistika mərkəzinin Ukrayna dronlarının hücumuna məruz qaldığını bildirib. Şirkətin sözlərinə görə, zərbə nəticəsində anbarda yanğın başlayıb, işçilər təxliyə edilib, ilkin məlumata görə xəsarət alan yoxdur.
Hücumu Adıgey Respublikasının rəhbəri Marat Kumpilov da təsdiqləyib. Onun yazdığına görə, Petrov xutorunda dron qəlpələri qaz borusunu və bir evin şüşələrini zədələyib, Taxtamukay yaxınlığına da qəlpələr düşüb.
"Ozon" anbardakı malların sifarişi mümkün olmayacağını bildirib. Bu, şirkətin logistika mərkəzinə ilk hücum deyil: sentyabrda Saratovdakı mərkəzi də Ukrayna hücumu nəticəsində zədələnmişdi.
