Son dəqiqə:

"Toplum TV işi" üzrə məhkum Bakı İstintaq Təcridxanasının rəisini hədə-qorxu gəlməkdə və hakimlərə sifariş verməkdə ittiham edir

İllüstrativ foto: Felixkrater, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 15:56

Demokratik Təşəbbüslər İnstitutunun "Toplum TV işi" üzrə 13 il həbs cəzası almış əməkdaşı Ramil Babayev Bakı İstintaq Təcridxanasının (BİT) rəisi Elnur İsmayılovu məhbuslara hədə-qorxu gəlməkdə, hakimlərə sifariş göndərməkdə və pul yığmaqda ittiham edib. Babayev bu ittihamları həbsxanadan "Meydan TV"yə göndərdiyi yazıda irəli sürüb.

Müəllifin sözlərinə görə, İsmayılov "adi rəis deyil, xeyli dərəcədə siyasiləşmiş bir şəxsdir". Babayev yazır ki, rəis İlham Əliyevin adını çəkən məhbusa yumruğunu sıxaraq öz işindən danışmağı deyir, Mehriban Əliyevaya ünvanlanan ərizələrin heç birini ünvanına çatdırmır, bayramlarda isə məhbuslara kağız paylayıb özünə məcburi təbrik məktubu yazdırır.

Babayevin başqa iddiası məhkəmələrlə bağlıdır: onun sözlərinə görə, rəis öhdəsindən gələ bilmədiyi məhbusların hakimlərinə sifariş göndərir, aylardır təyin olunmayan məhkəmə iki-üç günə keçirilir və həmin adama tələsik həbs cəzası verilir. Müəllif yazır ki, belə məhbus növbəti gün səhər saat 6-da qolları arxadan qandallı halda Umbakı həbsxanasına göndərilir.

Yazıda rəisin rüşvət mövzusunda sözləri də dırnaq içində verilir. Babayevin dediyinə görə, İsmayılov ilk aylarda özünü "haqq adamı" adlandırıb, sonra isə belə deyib: "Düzdür əvvəl pul yığırdım, lazımı yerlərə də çatdırırdım, amma iki ildir eləmirəm". Müəllif rəisin ona başqa bir sözünü də xatırladır: "Burada ölən dustağın xərci 100 manatdır - maşın pulu".

Babayev bildirir ki, İsmayılov Akif Qurbanov və Əli Zeynala məhkəmədə İlham Əliyevdən danışmamaq barədə hədə-qorxu gəlib, onu isə mediaya məlumat ötürməmək üçün hədələyib. O yazır ki, ilk yazısından sonra rəis onu açıq şəkildə fiziki zorakılıqla hədələyib, amma sonradan bu cür təzyiqlər dayanıb.

"Toplum TV işi" üzrə hökm iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Həbsə alınanlar ittihamları qəbul etmir, işin siyasi sifarişlə açıldığını deyirlər.

Digər xəbərlər