Son dəqiqə:

Meydan TV: Deputat oğlunun şirkətlər qrupuna daxil olan vergi borclu şirkət Ağdamda 43 milyon manatlıq muzey tenderini udub

Arxiv foto, Ağdam: Toghrul Rahimli, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 13:42

Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksini 42 milyon 980 min manata "Crystal İnşaat" ASC tikəcək. Dövlət Satınalmalarının Vahid İnternet Portalındakı məlumata görə, şirkət Mədəniyyət Nazirliyinin tabeliyindəki "Əsaslı Tikinti və Təchizat" MMC-nin keçirdiyi açıq tenderdə qalib gəlib.

Meydan TV xəbər verir ki, şirkət Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevin qurduğu "Crystal Group of Companies"in tərkibindədir və noyabrın 4-nə olan məlumata görə, onun büdcəyə 14 min 373 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında" qanuna görə, tenderdə iştirak edən təchizatçının vergi üzrə vaxtı keçmiş öhdəliyi olmamalıdır.

Tender aprelin 30-da 44 milyon 170 min manatlıq ehtimal olunan qiymətlə elan edilib. Sənədlər bir neçə dəfə dəyişdirilib, sonuncu dəyişiklik iyulun 13-də olub, təkliflərin qəbulu isə iyulun 27-də bitib. Qalibin təklifi ehtimal olunan qiymətdən təxminən 1 milyon 190 min manat aşağıdır.

2018-ci ildə qeydiyyata alınan şirkətin 2025-ci il üzrə əməliyyat gəlirləri 16,9 milyon manat, xalis mənfəəti 559,6 min manat göstərilir. İlin sonuna aktivləri 7,4 milyon, öhdəlikləri isə 6,71 milyon manat olub.

Ağalar Vəliyev Xaçmaz şəhər seçki dairəsindən deputat və Yeni Azərbaycan Partiyasının üzvüdür, "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasına da sədrlik edir. Oğlu həmin şirkətdə İdarə Heyəti sədrinin müavinidir. Muzey kompleksi layihəsi ilk dəfə 2021-ci ilin mayında Prezident İlham Əliyevin Ağdama səfəri zamanı təqdim olunub.

Digər xəbərlər