Gələn il dövlət borclarına 2,2 milyard manat gedəcək, bu, İcbari Tibbi Sığorta Fonduna ayrılan puldan iki dəfə çoxdur
2027-ci il büdcə layihəsində dövlət borclarına xidmət üçün 2,2 milyard manat nəzərdə tutulur. Bu, 42,4 milyard manatlıq büdcə xərclərinin 5,2 faizi deməkdir. Layihə noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət komitəsində təqdim olunub.
İcbari Tibbi Sığorta Fondu üçün isə layihədə 1 milyard 100 milyon manat var. Borc xərcləri bu məbləğdən iki dəfə çoxdur. Rəsmilər borc xidmətinin büdcədəki payını dünya üzrə orta göstəricidən xeyli yaxşı sayırlar.
"Azadlıq Radiosu"nun yazdığına görə, müstəqil iqtisadçılar bu fikirlə razı deyil və diqqəti xarici borcun ödəniş qrafikinə çəkirlər. Onların sözlərinə görə, xarici dövlət borcunun 3 milyard 52,7 milyon dolları, yəni təxminən 67,7 faizi qarşıdakı beş ildə ödənməlidir.
Maliyyə Nazirliyinin məlumatına görə, ümumi dövlət borcu bu ilin ilk doqquz ayında təxminən 2 milyard manat azalaraq 23,8 milyard manata düşüb, bunun 7,6 milyard manatı xarici borcdur. Layihədə büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat göstərilib. Oktyabrın 1-nə strateji valyuta ehtiyatları 89,4 milyard dollardır.

