Türkiyə lirası tarixi minimuma düşüb: 1 dollar 50 liradan baha olub
Türkiyə lirası dollar qarşısında tarixi minimumu yeniləyib, 1 dolların məzənnəsi 50 liranı keçib. Azərbaycanla ticarəti, turizmi və pul köçürmələri sıx olan ölkənin valyutası son illərdə ardıcıl ucuzlaşır.
Türkiyənin "Ekonomim" iqtisadi nəşrinin sorğu etdiyi ekspertlər dolların 55 liraya qalxmasını mümkün sayır. Onların fikrincə, qısa müddətdə nəzarətsiz və ya spekulyativ dalğalanma gözlənilmir.
Türkiyədə illik inflyasiya oktyabrda 29,77 faiz olub, aylıq qiymət artımı isə sentyabrdakı 1,84 faizdən 2,58 faizə qalxıb. Mərkəzi Bank oktyabrın 22-də uçot dərəcəsini 100 bənd endirərək 36 faizə salıb, bu, yanvardan bəri ilk endirim olub.