Son dəqiqə:

"Toplum TV işi" üzrə məhkum jurnalist: Umbakı həbsxanasında məhbuslara göndərilən puldan 10 faiz tutulur

Arxiv foto: Fərid İsmayılov. Foto: Ulviyya Guliyeva, Public domain, Wikimedia Commons
04-11-2026 17:10

Həbsdəki jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Kompleksində məhbusların pulunun müxtəlif adlarla əllərindən alındığını deyir. O, həbsxana rəisi Rəşad Yusifovun adını çəkərək bunu "Umbakı Bankı" adlandırıb.

Meydan TV-yə həbsxanadan göndərdiyi yazıda İsmayılov bildirir ki, kompleks şəhərdən onlarla kilometr uzaqda yerləşdiyi üçün məhbuslar ailə görüşlərindən çox vaxt taksi xərclərinə görə imtina edir, ehtiyaclarını müəssisənin köşkündən almaq üçün adlarına pul yüklətdirirlər. Onun sözlərinə görə, bu puldan 10 faiz "xidmət haqqı" tutulur.

Jurnalist nümunə kimi Lənkərandan cəza çəkən övladına 10 kiloqram sovqat və 50 manat göndərən valideyni göstərir: valideyn "Azərpoçt"a 12 manat rüsum ödəyir, pulu götürməyə gedən məhbusa isə 45 manat verilir.

İsmayılov yazır ki, üzərində 150 manat olan məhbusdan da məbləğin 10 faizi müxtəlif bəhanələrlə alınır, başqa həbsxanada istifadə etdiyi əşyanın burada qadağan olduğu deyilir və icazə üçün "rüsum", "hörmət" istənilir.

"Ölkədə fəaliyyət göstərən leqal banklar pul köçürmələri üçün 1% rüsum tələb edir. Rəşad Yusifovun qeyri-qanuni "Umbakı Bank"ı isə 10%", - jurnalist yazıb.

İsmayılov bu həftə apellyasiya məhkəməsində də Umbakı Təcridxanasında saxlanılan ictimai fəal Nicad İbrahimin döyüldüyünü demişdi.

Digər xəbərlər