Son dəqiqə:

"Azenco" mühakimə olunan sabiq rəhbərinin məhkəmədəki iddialarını əsassız adlandırıb

İllüstrativ foto: DP Singh Bhullar, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 17:47

"Azenco" ASC Müşahidə Şurasının keçmiş sədri Vüqar Əliyevin məhkəmə prosesində şirkət və əməkdaşları barədə səslənən iddiaların heç bir əsası olmadığını bildirib. Şirkət bəyanatında deyilir ki, hüquq-mühafizə orqanları konkret şəxsə konkret ittihamlar irəli sürüb, məhkəmə də bu ittihamları araşdırır.

Bəyanata görə, təqsirləndirilən şəxs diqqəti ittihamlardan yayındırmaq üçün müxtəlif fikirlər səsləndirir, qarşı tərəfin bəzi sözlərinin isə işin mahiyyətinə aidiyyəti yoxdur. "Azenco" bu iddialara ehtiyatla yanaşmağa və məhkəmənin yekun qərarını gözləməyə çağırıb.

Əliyev şirkətin vəsaitindən 3 milyon yarım manatdan çoxunu mənimsəməkdə ittiham olunur. "Azadlıq Radiosu"nun noyabrın 2-dəki prosesdən hazırladığı reportaja görə, o, şirkətin əsas qərarlarını "Azərenerji"nin keçmiş prezidenti Etibar Pirverdiyevin verdiyini deyib.

Həmin prosesdə Əliyevin vəkili Pirverdiyevin "məsləhətçi" kimi ayda 55 min manat aldığını iddia edib. Şirkətin indiki sədri Pərviz Hacıyev isə maliyyə məsələlərinin Əliyevin sərəncamında olduğunu deyib.

Digər xəbərlər