Rusiyanın Zaporojyedə məktəbə zərbəsi nəticəsində ölənlərin sayı 37-yə çatıb, Zelenski Kiyevdə insanların saatlarla işıqsız qaldığını deyir
Zaporojye Vilayət Hərbi Administrasiyasının açıqlamasına görə, Rusiya ordusunun Kamışevaxa qəsəbəsində humanitar yardım paylanan məktəbə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 37-yə çatıb, axtarış-xilasetmə işləri davam edir. Noyabrın 4-nə keçən gecə isə vilayətin Volnyansk şəhərinə hücum nəticəsində iki nəfər ölüb, biri yaralanıb. Zərbə beşmərtəbəli binaya və fərdi evlərə dəyib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Rusiya Donetsk vilayətinin Yasnoqorka qəsəbəsinə dörd aviabomba atıb, bir qadın ölüb, beş nəfər yaralanıb. Kiyev vilayətinin Xotov kəndində dron zərbəsi nəticəsində bir uşaq ölüb, anası yaralanıb. Dnepr şəhərində bir müəssisəyə zərbə nəticəsində iki kişi yaralanıb, Odessada ticarət mərkəzi yanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə 310 zərbə dronu buraxıb, onlardan 272-si vurulub. Rusiya Müdafiə Nazirliyi isə Kiyev vilayətində "Nalivaykovka", Jitomir vilayətində "Çijovka" elektrik yarımstansiyalarını, həmçinin Odessa yaxınlığında yük gəmisini vurduğunu bildirib.
Prezident Volodimir Zelenski deyir ki, ən ağır vəziyyət Kiyev və Kiyev vilayətindədir, sakinlər və müəssisələr saatlarla işıqsız və susuz qalır. Ukrayna Energetika Nazirliyi avadanlığın ciddi zədələndiyini təsdiqləyib. Paytaxtda qəza söndürmələri bir sutkadan çoxdur davam edir, səhər plan qrafikinə keçid cəhdi on dəqiqə sonra uğursuz olub.
