Zərərlə işləyən "Təmiz Şəhər"ə gələn il büdcədən 17,5 milyon manat ayrılır, şirkətin yığılmış zərəri 249 milyon manatı keçib
İllüstrativ foto: Ropable, Public domain, Wikimedia Commons2027-ci il dövlət büdcəsinin layihəsinə görə, Bakının bərk məişət tullantılarının zərərsizləşdirilməsi ilə məşğul olan "Təmiz Şəhər" ASC-yə 17,5 milyon manat subsidiya veriləcək. Şirkət Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindədir.
Bu il üçün büdcə layihəsində eyni iş üçün 23,6 milyon manat nəzərdə tutulmuşdu, yəni gələn ilin subsidiyası 6,1 milyon manat azdır.
Şirkətin avqustda açıqlanan maliyyə hesabatına görə, 2025-ci ilin xalis zərəri 5 milyon 666 min manat olub. Əvvəlki illərdən yığılmış zərər bir ildə 2,3 faiz artaraq 249 milyon 185 min manata çatıb.
Bu ilin yanvarın 1-nə şirkətin aktivləri 47 milyon 450 min manat, balans kapitalı isə 41 milyon 775 min manat olub: bir ildə aktivlər 22 faiz, kapital 25,4 faiz azalıb. Öhdəlikləri isə 16,2 faiz artaraq 5 milyon 675 min manata qalxıb.
"Təmiz Şəhər" 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb, nizamnamə kapitalı 9 milyon 150 min manatdır.
