Azərbaycanda qaz hasilatının 2028-ci ildə 33,2 milyard kubmetrə, neft hasilatının 26,1 milyon tona enəcəyi proqnozlaşdırılır
2027-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunan sənədlərinə görə, Azərbaycanda neft və qaz hasilatı yaxın iki ildə azalacaq. Ən aşağı göstərici 2028-ci ildə gözlənilir: 26,1 milyon ton neft və 33,2 milyard kubmetr əmtəəlik qaz.
Sənədlərdə 2024-cü ildə 29,1 milyon ton neft və 38,6 milyard kubmetr qaz, 2025-ci ildə isə 27,7 milyon ton neft və 38,9 milyard kubmetr qaz hasil edildiyi göstərilir. Bu il üçün 26,8 milyon ton neft və 37,8 milyard kubmetr qaz, gələn il üçün isə 26,6 milyon ton neft və 35,6 milyard kubmetr qaz gözlənilir.
Proqnoza görə, sonra hasilat qismən bərpa olunacaq: 2030-cu ildə 26,3 milyon ton neft və 36,6 milyard kubmetr qaz. Bu qaz həcmi yenə də ötən ilki səviyyədən aşağıdır.
bp şirkətinin 9 aylıq hesabatına görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda yanvar-sentyabrda 12 milyon ton neft çıxarılıb, gündəlik orta hasilat təxminən 320 min barel olub. Həmin blokdan SOCAR-a ötürülən səmt qazı isə 4,8 faiz azalaraq 2 milyard kubmetrə enib.
"Şahdəniz" yatağından eyni dövrdə təqribən 20 milyard kubmetr qaz və 3 milyon ton kondensat hasil edilib. Yatağa bu müddətdə 3 milyard 80 milyon dollar xərclənib.
