Son dəqiqə:

Gələn ilin büdcəsində xüsusi müdafiə layihələrinə 4 milyard, Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat ayrılır, kəsir 3,1 milyard olacaq

Arxiv foto, Milli Məclis: Azərbaycan Prezidentinin Mətbuat Xidməti, CC BY 4.0, Wikimedia Commons
04-11-2026 11:23

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunur. Layihəyə görə, büdcənin gəlirləri 39,25 milyard, xərcləri 42,4 milyard manat, kəsiri isə 3,15 milyard manat proqnozlaşdırılır. Kəsir bu illə müqayisədə 1,7% çoxdur.

Layihədə müdafiə potensialının gücləndirilməsi və "bağlanılmış müqavilələr" üzrə xüsusi müdafiə təyinatlı layihələrə 4 milyard manat nəzərdə tutulub. Büdcənin 5,3 milyard manatlıq investisiya xərclərinin 3,4 milyard manatı Qarabağ və Şərqi Zəngəzurun bərpasına, 1,9 milyard manatı isə digər layihələrə gedəcək.

Büdcə zərfində Neft Fondunun aktivlərinin 2026-cı ilin birinci yarısında 72,6 milyard dollara çatdığı göstərilir. Maliyyə naziri Sahil Babayev komitədə deyib ki, Neft Fondundan büdcəyə transfert hər il azaldılır və 2030-cu ildə 5,5 milyard dollara çatdırılması hədəflənir. Nazirin sözlərinə görə, strateji valyuta ehtiyatları oktyabrın 1-nə 89,4 milyard dollar olub.

Sənəddə "fiskal itkisiz" neft qiymətinin hazırda bir barel üçün 85 dollar olduğu, 2030-cu ildə 65 dollara enəcəyi gözlənildiyi yazılıb. Noyabrın 4-də isə "Azeri Light" neftinin bir bareli 113,45 dollara satılıb.

Babayev Naxçıvana büdcədən ayrılan dotasiyanın gələn il 13,6 milyon manat və ya 6,4% azalacağını deyib. O, bunu muxtar respublikanın öz gəlirlərinin artması ilə izah edib.

Digər xəbərlər