Əli Həsənovun qızı Dubaydakı lüks əşyalar platformasını yeddi rəqəmli məbləğə satmaqdan imtina etdiyini deyir
İllüstrativ foto: Dubay. Robert Bock, CC0, Wikimedia CommonsPrezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) sosial şəbəkədə yaydığı videoda Dubaydakı biznesini satmaqdan imtina etdiyini bildirib.
Söhbət Dubayda lüks əşyaların təkrar satışı ilə məşğul olan "Gemaee" platformasından gedir. Möhbalıyevanın sözlərinə görə, beynəlxalq investorlar layihə üçün milyonlarla pul təklif edib, amma sövdələşmə baş tutmayıb.
"Haqqın" saytı yazır ki, Möhbalıyeva bundan əvvəl Dubayın "First Avenue Mall" ticarət mərkəzində 1500 kvadratmetr sahəsi olan zərgərlik, brend aksesuar və vintaj butiki açıb. Saytın məlumatına görə, oradakı saat, çanta və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan çox qiymətləndirilir.
Möhbalıyeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sabiq sədri Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə evli olub.


