"Toplum TV işi" üzrə 15 il alan siyasətçi: Bakı ilə Ankaranın arasının soyuması Moskva və Tehranın xeyrinədir
"Toplum TV işi" üzrə 15 il azadlıqdan məhrum edilən, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq Rusiyanın Cənubi Qafqazdan əl çəkməyəcəyini yazıb. Toplum TV onun yazısını çərşənbə günü dərc edib.
İzzətlinin fikrincə, regionda Moskvanın "çətiri"ndən çıxmaq istəyən hər ölkə sərt reaksiya görəcək: "Necə ki, 2008-ci ildə Saakaşvili iqtidarının Moskvanın çətirindən imtinası ərazilərinin işğalı ilə nəticələndi".
O yazır ki, Moskva "Qarabağ kartı" ilə müxtəlif dövrlərdə həm Azərbaycanı, həm Ermənistanı cəzalandırıb: 1992-ci ildə Elçibəy hakimiyyətini, 2020-ci ildə isə Paşinyan hakimiyyətini. "Bu gün Moskvanın əlində "Qarabağ kartı" olmasa da, Yerevana və Bakıya təzyiq etmək üçün kifayət qədər siyasi-iqtisadi vasitələri var", - İzzətli bildirib.
Müəllif Yerevanın bu təzyiqlər qarşısında dayanıqlı qalmasını regionda sülhün şərti sayır, Ankara ilə Yerevanın sərhədləri tez açmasını istəyir.
Yazının sonunda İzzətli hakimiyyəti hədəf alıb: "Əliyev hakimiyyəti şəxsi maraqları çərçivəsində dövlət maraqlarımızı təhlükəyə atıb, əbədi müttəfiqimiz Türkiyə ilə münasibətlərimizin zərər görməsinə çalışmamalıdır".