Son dəqiqə:

Hesablama Palatası: Bəzi iri kommersiya obyektləri əmlak vergisinə cəlb olunmur, gömrük güzəştləri isə ildə 3 milyard manata çatır

İllüstrativ foto, Bakı: Francisco Anzola, CC BY 3.0, Wikimedia Commons
04-11-2026 12:48

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2027-ci il büdcəsinin müzakirəsində deyib ki, audit zamanı hüquqi şəxslərin mülkiyyətində olan iri daşınmaz əmlakın vergi uçotunda əsas vəsait kimi göstərilmədiyi aşkarlanıb. Buna görə həmin əmlakdan vergi tutulmur.

Gülməmmədovun sözlərinə görə, bu sahədə büdcə üçün əlavə gəlir potensialı var. Gələn il əmlak vergisi üzrə daxilolmaların ümumi daxili məhsula nisbətinin 0,3 faiz olacağı gözlənilir.

Palatanın sədri gömrük orqanlarının xətti ilə verilən güzəşt və azadolmaların illik həcminin təxminən 3 milyard manat olduğunu da bildirib. Müqayisə üçün, 2027-ci ildə Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 6 milyard 868 milyon manat daxilolma proqnozlaşdırılır, idxalın isə 32,2 milyard manata çatacağı gözlənilir.

Gülməmmədov deyib ki, gömrük xətti üzrə büdcə gəlirləri 2025-ci ildə 3,5 faiz kəsirlə icra olunub. Bu ilin doqquz ayında isə illik proqnoz 72,5 faiz yerinə yetirilib.

Digər xəbərlər