Kür hövzəsində yayda temperatur 5 dərəcəyədək yüksələ, yağıntı 20 faizədək azala bilər
Asiya İnkişaf Bankının "Buzlaqlardan fermalara kimi" adlı hesabatında iqlim dəyişikliyinin Kür çayı hövzəsində yayı daha quraq, qışı isə daha riskli edəcəyi proqnozlaşdırılır. Bankın məlumatına görə, yay aylarında temperatur 5 dərəcəyədək yüksələ, yağıntı 20 faizədək azala bilər.
Hesabatda deyilir ki, hövzədə qış temperaturu 2035-ci ilədək təxminən 1 dərəcə, 2085-ci ilədək isə 5 dərəcəyədək qalxa bilər. Yaz və yay daha quraq keçəcək, payız və qışda yağıntı azacıq artacaq.
Sənədə görə, bu dəyişikliklər Gürcüstan ərazisində torpaq sürüşməsi, qəfil daşqın, sel və buzlaq göllərinin yarılması ehtimalını artıra bilər. Qışda qar üstünə yağan yağışın çoxalması da daşqın riskini yüksəldir.
Kür Cənubi Qafqazın ən böyük çayıdır: 1515 kilometrlik uzunluğunun 906 kilometri Azərbaycandan keçir. Çayın suyunun 36 faizi qar, 30 faizi yeraltı su, 20 faizi yağış, 14 faizi isə buzlaq sularından yaranır.
Tədqiqat Yaşıl İqlim Fondunun dəstəyi ilə Kür, Narın, Pənc və Svat çay hövzələrində aparılıb, 40 illik meteoroloji məlumatlara əsaslanır.