Son dəqiqə:

Şagirdlərə "mygov" hesabı açılması müzakirə yaradıb, agentlik 7 yaşdan yuxarı uşaqlar üçün ayrıca hesab nəzərdə tutulduğunu deyir

İllüstrativ foto, Bakıda 8 nömrəli məktəbin binası: Interfase, CC BY-SA 4.0, Wikimedia Commons
04-11-2026 17:49

Məktəblərdə şagirdlərin "mygov" platformasında fərdi hesab açması barədə aparılan iş valideynlərin müzakirəsinə səbəb olub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirir ki, məktəblərdə bununla bağlı məlumatlandırma aparılır, valideynlərə tətbiqi yükləmək tövsiyə edilir, 7 yaşdan yuxarı şagirdlər üçün ayrıca hesab nəzərdə tutulur.

Sosial şəbəkə istifadəçisi Gülzar Mustafayeva yazıb ki, bunun Elm və Təhsil Nazirliyinin göstərişi olduğu deyilir, amma tələbin hansı zərurətdən yarandığını anlamır. "İndi sizin bu tələbinizə görə mən pul xərcləyib uşağa smartfon almalıyam ki, ona SİMA və dalınca da "mygov" tətbiqlərini yükləyim, yenə də - nə üçün?" - o soruşub. Valideyn uşaqların oyun oynayarkən bilmədən şəxsi məlumatlarını sızdıra biləcəyindən də narahatdır.

Agentliyə görə, məqsəd şagirdin təhsil məlumatlarına və sənədlərinə rahat çıxışını təmin etməkdir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi isə deyir ki, uşağın ayrıca telefonu olması vacib deyil: valideyn öz tətbiqindən övladının hesabını ikinci hesab kimi aktivləşdirə, ya da hesaba kompüterdən girə bilər.

Qurumlar bu işin "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində görüldüyünü bildirir.

Digər xəbərlər