Tramp İran müharibəsinin Respublikaçıların məğlubiyyətində rol oynadığını deyib, ekspertlər Konqresin onu dayandırmaqda çətinlik çəkəcəyini bildirir
ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdəki itkilərdə İran müharibəsinin payı olduğunu qəbul edib. "Məncə, bunun bir hissəsi İran idi, amma eyni zamanda insanlar İranla bağlı gördüyüm işin vacibliyini başa düşdülər", - o, "Fox News" telekanalına telefon müsahibəsində deyib. Tramp "ağılsız" adlandırdığı qanun layihələrinə veto qoyacağını da bildirib.
Çərşənbə səhərinə olan nəticələrə görə, Demokratlar Senatda 54, Nümayəndələr Palatasında isə 228 yer qazanıb. Yeni Konqres yanvarın əvvəlində işə başlayacaq.
Tramp İrana qarşı müharibəyə İsraillə birlikdə fevralda Konqresin icazəsi olmadan başlayıb. "Al Jazeera" telekanalının danışdığı ekspertlərə görə, Konqres dekabrın 11-də hökumətin maliyyələşməsi qanunu bitəndən sonra əlavə pul verməkdən imtina edə bilər. London Universitet Kollecindən James Boys isə bunun çətin olduğunu deyir: "Bölgədə qoşunlar olduğu halda bu, ciddi problem yaradar və Amerika əsgərlərinin həyatını riskə atmaq kimi görünər".
1973-cü il Müharibə Səlahiyyətləri Qanunu da Trampı dayandırmaq üçün yetərli sayılmır: prezident vetosunu aşmaq üçün hər iki palatada üçdə iki səs lazımdır, Demokratların isə bu qədər yeri yoxdur.
Boys Trampın yenidən seçilə bilməyəcəyi üçün Yaxın Şərqdə gərginliyi artıra biləcəyini də istisna etmir. Dublindəki UCD Klinton İnstitutundan Scott Lucas isə Trampdan uzaqlaşan Respublikaçılarla birgə qanun layihələri irəli sürməyin mümkün olduğunu, vitse-prezident Vensin də müharibəyə əvvəldən qarşı çıxdığını deyir.

