Ukrayna mənbələri: Rusiya dizeli daşıyan səkkiz tanker ABŞ-yə yol alıb, Tramp administrasiyası idxala lisenziya verib
Rusiya limanlarında oktyabrda yüklənən səkkiz tankerin ABŞ-yə doğru üzdüyü bildirilir. Gəmilərin noyabrın 7-dək və ya 18-dək çatacağı gözlənilir.
AzadlıqRadiosu xəbər verir ki, bu məlumatı ona Ukrayna hökumətindəki adı açıqlanmayan mənbələr verib. Onların sözlərinə görə, yeddi gəmi təyinat yeri kimi ABŞ-ni göstərib, Yunanıstan bayrağı altında üzən səkkizincinin də eyni istiqamətdə getdiyi ehtimal olunur.
ABŞ Maliyyə Nazirliyi oktyabrın 9-da Rusiya dizelinin dünya bazarlarına tədarükünə ümumi lisenziya verib. Lisenziya 2027-ci il aprelin 7-dək ABŞ-yə idxala da icazə verir. Amma 2022-ci il qanunu Rusiyadan enerji idxalını qadağan edir. Bu qadağa yalnız prezident Rusiyanın qoşunlarını geri çəkməyə və Ukraynadakı hərbi əməliyyatları dayandırmağa razılaşdığını təsdiqləsə ləğv oluna bilər.
Ağ Evin sözçüsü qərarı bazarda təklifi artırmaq və amerikalılar üçün yanacağı ucuzlaşdırmaq məqsədi ilə izah edib. "Amerika Ukrayna Koalisiyası" təşkilatının siyasət üzrə direktoru Yevgeni Qonçarov isə deyir ki, ABŞ özü dizel ixrac edir, bu tədarüklər qiyməti aşağı salmayacaq, amma Moskvaya gəlir qazandıracaq.

