Ermənistan naziri: Qarabağdan köçmüş 53 mindən çox insan Ermənistan vətəndaşlığı üçün müraciət edib
Ermənistanın daxili işlər naziri Arpine Sarqsyan noyabrın 4-də parlamentdə 2027-ci il büdcəsinin müzakirəsində deyib ki, noyabrın 1-nə Qarabağdan köçmüş 53 039 nəfər Ermənistan vətəndaşlığı üçün müraciət edib. Ermənistan rəsmiləri bu insanları "məcburi köçkün" adlandırır.
Nazirin sözlərinə görə, müraciət edənlərdən 32 690 nəfərə prezident fərmanı ilə vətəndaşlıq verilib. Daha 14 344 azyaşlı vətəndaşlığı pasportların verilməsi prosesində alıb. Sarqsyan bildirib ki, müraciətlər artıq tam rəqəmsal platforma üzərindən qəbul olunur.
Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra bölgənin erməni əhalisinin böyük hissəsi Ermənistana köçüb. Ermənistan hökuməti o vaxt 100 mindən çox insanın gəldiyini bildirmişdi.


