Novxanıdakı "milyonluq saray"ın sahibi kimi tanınan 66 yaşlı kişinin zorlamağa cəhd ittihamı ilə həbs edildiyi deyilir
İllüstrativ foto: Novxanı. Tərxan Paşazadə, CC BY-SA 3.0, Wikimedia CommonsAbşeronun Novxanı qəsəbəsindəki "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) barəsində həbs qərarı seçildiyi bildirilir.
"Qafqazinfo" saytı əldə etdiyi məlumata əsasən yazır ki, o, özünə məxsus bağda bir nəfəri zorlamağa cəhd etməkdə ittiham olunur. Sayta görə, prokurorluq ona Cinayət Məcəlləsinin 29,149-cu maddələri ilə ittiham irəli sürüb.
66 yaşlı Dali uzun illər Rusiyada yaşayıb, özünün dediyinə görə, hərbi mühəndis işləyib. Təqaüdə çıxandan sonra Azərbaycana qayıdıb Novxanıda heykəllər, hovuz, sauna, idman zalı, banket zalı və şüşə lifti olan malikanə tikdirib, bina sosial şəbəkələrdə geniş yayılıb.
"Haqqın" saytı yazır ki, malikanə təxminən iki il əvvəl satışa çıxarılıb və sahibini dəyişib.
Ona qarşı hələlik yalnız ittiham irəli sürülüb, məhkəmə hökmü yoxdur.


