Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi faktiki dayanıb, namizəd statusu yalnız formal qalıb
Avropa Komissiyası genişlənmə üzrə illik qiymətləndirməsində Gürcüstanın üzvlük danışıqlarının "faktiki dayandığını", namizəd statusunun yalnız formal qüvvədə qaldığını bildirib. Komissiyanın sözlərinə görə, Gürcüstan hakimiyyəti demokratik prinsipləri, hüququn aliliyini və insan haqlarının müdafiəsini zəiflədir, vətəndaş cəmiyyətinin imkanlarını daraldır.
Komissiya xəbərdarlıq edib ki, Tbilisi kursunu dəyişməsə, namizəd statusunun verdiyi üstünlüklərdən faydalana bilməyəcək. Sənəddə Gürcüstanın namizədlik üçün göstərilən doqquz addımı yerinə yetirmədiyi deyilir, Aİ-nin isə "Gürcüstan xalqının Avropa istəklərini" dəstəkləməyə davam edəcəyi bildirilir.
Eyni qiymətləndirmədə Monteneqro, Albaniya, Moldova və Ukrayna ən çox irəliləyən ölkələr kimi göstərilib. Komissiya Ukraynanın müharibəyə baxmayaraq bir ildə bütün şərtləri yerinə yetirdiyini, danışıqları 2028-ci ilin sonunadək bitirmək üçün islahatları sürətləndirməli olduğunu deyir.
Baş nazir İrakli Kobaxidze çərşənbə axşamı Brüsseldə Euronews-un genişlənmə sammitində danışıqları Komissiyanın özünün dayandırdığını iddia edib. "Başa düşdük ki, Avropa Komissiyası namizəd statusunu, sonra da üzvlük danışıqlarını Gürcüstanı, Gürcüstan cəmiyyətini şantaj etmək üçün işlədir", - o deyib.
Aparıcının "Bəs onda niyə Avropa İttifaqına qoşulmaq istəyirsiniz?" sualına Kobaxidze zarafatla "Çünki onların dəyişəcəyinə ümid edirik" cavabını verib. Gürcüstan hökuməti 2024-cü il noyabrın 28-də üzvlük danışıqlarını 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlamışdı.
