Husilər Səna yaxınlığında 33 nəfərin öldüyü hava zərbələrində Səudiyyə Ərəbistanını ittiham edir
Arxiv foto: Sənada hava zərbəsindən dağılmış ev, 2015. Ibrahem Qasim, CC BY-SA 4.0, Wikimedia CommonsYəmənin paytaxtı Sənanın şərqindəki Bəni Huşeyş bölgəsində yaşayış evlərinə endirilən hava zərbələri nəticəsində azı 33 nəfər ölüb, 39 nəfər yaralanıb. Bu barədə husilərin nəzarətindəki Yəmən Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyə görə, ölənlərin çoxu qadın və uşaqlardır, dağıntılar altında qalan insanlar var, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Husilər zərbələrdə Səudiyyə Ərəbistanını ittiham edir. Səudiyyə tərəfi isə hadisə barədə məlumatların araşdırıldığını bildirib.
Bazar günü Səudiyyə Ərəbistanı Yəməndəki “Ənsarullah” hərəkatının (husilər) Ər-Riyad istiqamətində buraxdığı iki raketin Səudiyyənin başçılıq etdiyi koalisiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb. Paytaxtda bir neçə güclü partlayış səsi eşidilib. Ölkənin Mülki Müdafiə Xidməti əvvəlcə sakinləri “potensial təhlükə” barədə xəbərdar edib, onlara toplaşmamağı və təhlükəsiz yerlərdə gizlənməyi tövsiyə edib.
Bir gün əvvəl husilər Ər-Riyad hava limanına və “Saudi Aramco” şirkətinin obyektlərinə raket və dronla hücum etdiklərini bildirmişdilər. Səudiyyə ilə husilər arasında qarşılıqlı hücumlar ABŞ-nin İranla müharibəsinin davam etdiyi vaxta düşür.


