Ermənistan parlamentinin sədri: sülh sazişini Konstitusiya dəyişikliyinə bağlamağı qəbul etmirik

Ruben Rubinyan, arxiv foto. Foto: Beko, CC BY-SA 4.0, Wikimedia Commons
17-11-2026 17:22

Ermənistan parlamentinin sədri Ruben Rubinyan noyabrın 17-də jurnalistlərə deyib ki, Yerevan sülh sazişinin imzalanmasını Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə şərtləndirən Bakının yanaşmasını qəbul etmir. “Biz bu yanaşmanı qəbul etmirik. Hesab edirik ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz sülh sazişini elə bu gün imzalamağa hazırıq”, - Rubinyan deyib.

Onun sözlərinə görə, yeni Konstitusiya təşəbbüsü Ermənistanın daxili gündəliyindən irəli gəlir. Bununla belə, parlament sədri sənədin qəbulunun xarici siyasətə də təsir edə biləcəyini istisna etməyib.

Ermənistan müxalifəti soruşur ki, Konstitusiya dəyişəndən sonra Azərbaycan sazişi imzalayacaqmı, yoxsa yeni şərtlər irəli sürəcək. Rubinyan bu sualları məntiqli sayıb və Baş nazir Nikol Paşinyanın məsələ barədə düşünüb müxalifətə təklif verəcəyini deyib. “Əlavə təminatlara ehtiyac varsa, bəlkə də sizin gündəmə gətirdiyiniz məsələ ilə bağlı həmin təminatların ardınca getməyə dəyər”, - o bildirib.

Sülh sazişinin mətni 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanıb. Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası saydığı müddəaların çıxarılmasını şərt kimi irəli sürür; Ermənistan tərəfi Konstitusiyada belə iddia olduğu ilə razılaşmır. İlham Əliyev bu il yerli telekanallara müsahibəsində Konstitusiya dəyişən kimi sazişi “ertəsi gün” imzalaya biləcəklərini deyib.

Digər xəbərlər