Deputat: Azərbaycan gələn il beynəlxalq tədbirlərə 224 milyon manat xərcləyəcək

Foto: Azər AMEA, CC0, Wikimedia Commons
17-11-2026 11:46

Azərbaycan 2027-ci ildə beynəlxalq tədbirlərin keçirilməsinə 224 milyon manat xərcləməyi planlaşdırır. Milli Məclisin deputatı Rizvan Nəbiyev bunu parlamentin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunarkən deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlara üzvlük haqlarına daha 25 milyon manat ayrılır.

Deputatın açıqladığı rəqəmlərə görə, beynəlxalq münasibətlərə ümumi xərc gələn il 569 milyon manat olacaq və bu ilə nisbətən 3,6 faiz artacaq. Bunun 230 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin saxlanmasına nəzərdə tutulub.

Nəbiyev xərcləri Azərbaycanın qarşıdakı iki ildə qəbul edəcəyi tədbirlər və sədrliklərlə izah edib. Onun dediyinə görə, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədəki sədrliyi daha iki il uzadılıb, ölkə İslam Əməkdaşlıq Təşkilatına da sədrlik edəcək. 2028-ci ildə Azərbaycanda MDB sammiti və 47 dövlətin qatıldığı Avropa Siyasi Birliyinin sammiti keçirilməlidir.

Deputat deyib ki, Azərbaycan fəal və çoxşaxəli xarici siyasətini davam etdirəcək, 2027 və 2028-ci illərdə sədrlik edəcəyi təşkilatların siyahısı da bunu göstərir.

Beynəlxalq tədbirlərə ayrılan pulun artdığı eyni vaxtda Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, 2027-ci ildən aylıq gəliri 2 500 manata qədər olanların gəlirindən tutulan vergi 3 faizdən 5 faizə, 2028-ci ildə isə 7 faizə qalxacaq.

Digər xəbərlər