“Turkish Cargo” İstanbul ilə Yerevan arasında ilk yük reysini həyata keçirib
Foto: MarcelX42, CC BY-SA 4.0, Wikimedia CommonsTürkiyənin milli aviadaşıyıcısı “Turkish Airlines”ın yükdaşıma bölməsi “Turkish Cargo” noyabrın 15-də İstanbul-Yerevan-İstanbul marşrutu üzrə ilk yük reysini həyata keçirib. Şirkət bildirib ki, yeni marşrut iki ölkə arasında yükdaşımaların artmasına və beynəlxalq logistika şəbəkəsinin genişlənməsinə xidmət edəcək. Daşınan yükün həcmi və növü, növbəti reyslərin qrafiki barədə məlumat verilməyib.
Reys Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 11-də Antalyada, COP31 iqlim sammiti çərçivəsində görüşündən sonra baş tutub. Ermənistan hökumətinin məlumatına görə, görüşdə münasibətlərin normallaşdırılması, ticarət əlaqələri, regional nəqliyyat yollarının açılması, həmçinin ABŞ-nin vasitəçiliyi ilə razılaşdırılan və Azərbaycanda “Zəngəzur dəhlizi” adlandırılan TRIPP marşrutu müzakirə olunub. Paşinyan görüşdən sonra Türkiyə ilə münasibətlərin yaxın vaxtlarda tam normallaşacağına ümid etdiyini deyib.
İki şəhər arasında sərnişin reysləri isə artıq var. “Turkish Airlines” bu ilin martında İstanbul-Yerevan marşrutu üzrə müntəzəm reyslərə başlayıb, ondan əvvəl bu xətdə Türkiyənin “Pegasus” şirkəti uçurdu. Ermənistanın “FlyOne Armenia” şirkəti isə 2023-cü ildə Türkiyənin hava məkanından istifadəyə qoyduğu məhdudiyyətlərə görə bu uçuşları dayandırmalı olmuşdu.
2026-cı ildə iki ölkə arasında başqa addımlar da atılıb. Mayda Paşinyan Gürcüstanı Türkiyə ilə birləşdirən Axalkalaki-Qars dəmir yolunun Ermənistanın idxal və ixrac yükləri üçün açıldığını bildirib. Elə həmin ay Türkiyə Ermənistanla birbaşa ticarətə qoyduğu məhdudiyyətləri götürüb, mallar artıq üçüncü ölkədə yenidən qeydiyyatdan keçirilmədən daşına bilir. Yanvarın 1-dən diplomatik və xidməti pasport sahibləri üçün viza qaydaları sadələşdirilib, oktyabrda isə Gümrü-Qars elektrik xəttinin bərpası müzakirə olunub.
Türkiyə 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla quru sərhədini bağlayıb, iki ölkə arasında diplomatik münasibət də yoxdur. Tərəflər 2022-ci ildə üçüncü ölkə vətəndaşlarının sərhəddən keçməsinə icazə verilməsi barədə razılığa gəlsələr də, bu qərar hələ icra olunmayıb. Ankara sərhədin tam açılmasını Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində irəliləyişə bağlayır, Ermənistan rəsmiləri isə aprel ayında Azərbaycanı Türkiyə ilə normallaşmaya mane olmaqda ittiham ediblər.


